“Bu harada yazılıb?” – Sədr ikinci kollegiyanın yaranmasından danışdı - MÜSAHİBƏ
04 noyabr 2019 17:12 (UTC +04:00)

“Bu harada yazılıb?” – Sədr ikinci kollegiyanın yaranmasından danışdı - MÜSAHİBƏ

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə sonuncu qəbul imtahanı ilə əlaqədar Lent.az-a müsahibə verib. Sədr, həmçinin yeni bir vəkillər kollegiyasının yaradılıb-yaradılmayacağına da aydınlıq gətirib.

- Keçirilən qəbul imtahanlarının Azərbaycan vəkilliyinin inkişafı üçün əhəmiyyətini necə dəyərləndirirsiniz?

-2019-cu il ərzində keçirdiyimiz yazılı imtahanların sayı əvvəlki illərlə müqayisə olunmaz qədər çoxdur. Bu isə Azərbaycan vəkilliyi tarixində bir ilkdir. Həmçinin sentyabr və oktyabr aylarında da ard-arda vəkilliyə imtahan keçirildi. Bu imtahanların nəticəsi olaraq, qeyri-dövlət orqanlarında, həmçinin məhkəmələrdə, nazirliklərdə və.s çalışan hüquqşünaslar vəkil olmaq istəyirlər.

- Bu imtahanlar gənc kadrlar üçün cəlb edicidirmi, ümumiyyətlə, Kollegiya vəkillərin yaş məsələsini necə nizamlayır?

- Ən əsası odur ki, vəkillik cavanlaşır. Bu vəziyyət bölgələrdə də belədir. Regionlarımızda yaşlı və gənc vəkillərin sayı demək olar ki, yarı-yarıyadır. Vəkilliyə namizədlər arasında ən yuxarı yaş hazırda 40-dır. Onu da deyim ki, biz qəbulu daim aparırıq, sənəd qəbulu dayanmır. Yaxın aylarda növbəti imtahan olacaq.

- Anar müəllim, “vəkillərin sayı 1000 olandan sonra ikinci bir kollegiya, vəkil idarəetmə qurumu yaranmalıdır” fikri doğrudurmu?

- Harada yazılıb ki, vəkillərin sayı 1000 olandan sonra ikinci bir kollegiya yaradılsın? Bu çox primitiv, mənasız bir fikirdir. Bu sözü deyən insanlar məsələdən xəbəri olmayanlardı. Onlar bu mövzu barədə danışmasalar daha yaxşıdır. Elə bir təcrübə yoxdur. Vəkillər assosiasiyası bütün vəkilləri bir yerə cəmləşdirən qurum kimi vahid olmalıdır. Onda belə çıxır ki, Türkiyədə 125 vəkil qurumu olmalıdır, çünki 125 000 vəkil var. Bu söz xətrinə deyilən sözdür. Bunu mən ciddiyə almıram. Media nümayəndələrinə də məsləhət görmürəm ki, bu kimi fikirləri eşidib ciddiyə alsınlar.

-Elə bir ölkə varmı ki, birdən artıq vəkil idarəetmə qurumu fəaliyyət göstərsin?

- Tam məsuliyyətimlə deyirəm ki, heç bir ölkədə 1-dən artıq vəkillər assosiasiyası yoxdur. İstər Avropa, istər MDB ölkələrində, eləcə də Türkiyədə 1 vəkil qurumu mövcuddur. Bəzi ölkələrdə bizim kimi vəkillər kollegiyası, palata, assosiasiya və.s adlandırılır. Yəni, bütün bunlar ümumi vəkilliyi idarəetmə funksiyasını həyata keçirir.

- Ancaq son vaxtlara kimi Ukraynada bir neçə vəkil kollegiyası var idi...

- Bəli, son vaxtlara kimi Ukraynada bir neçə vəkillər kollegiyası mövcud idi. Ancaq Avropa ölkələri və Şərq Tərəfdaşlığı ölkələrində vəkillik peşəsi ilə bağlı hesabat hazırlandı. O hesabatda Ukraynada vəkillik Şərq Təfdaşlığı ölkələri və digər ölkələrlə müqayisə olundu. Bu nəticəyə gəlindi ki, Ukraynada bir neçə vəkillər assosiasiyasının olması vəkilliyinin inkişafına və nüfuzuna mane olur. Bundan sonra Avropa Birliyi çalışdı ki, Ukraynada yeni və vahid bir assosiasiya yaradılsın.

- Bəs sizcə Azərbaycanda necə, ikinci bir kollegiyanın yaranmasına ehtiyac varmı?

- İkinci bir vəkillər kollegiyası yaratmağa ehtiyac yoxdur. Bu fikri irəli sürənlər hansı məntiqə əsaslanırlar? Bu heç müzakirə mövzusu da deyil.

- Yeni kollegiya və ya kollegiyaların yaranmasının Azərbaycan vəkilliyinin inkişafına hansı təsirləri olar?

- Peşə bölündükcə daha da zəifləyir. Güc birlikdədir. İdarəetmə bir yerdən olmalıdır. Əks halda peşənin nə nüfuzu olar, nə hörməti. Bir neçə kollegiya yaransa Azərbaycanda vəkillik inkişaf etməyəcək, daha da geriyə gedəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3521

Oxşar yazılar